ELMİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR

08 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Universitetin əməkdaşlarından Şərifova Əsməd Təyyar qızını pedaqogika üzrə fəlsəfə doktoru, Neymətov Nazim Əsədulla oğlunu riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcə, İsgəndərova Səyyarə Paşa qızını fizika kafedrasının dosenti elmi adı almasına görə kollektiv adından təbrik edib, onlara can sağlığı və elmi-pedaqoji yaradıcılıqlarında uğurlar arzuladı. Bədən tərbiyəsi və idman ixtisasının II kurs tələbəsi Heydərov Arzu Heydər oğluna isə  Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Dünya kuboku uğrunda qazandığı qələbəyə ona fəxri fərman və pul mükafatı təqdim etdi.

Elmi Şurada Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun “2016/2017-ci tədris ilinin payız (qış) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr” barədə  məruzəsi dinlənilib müzakirə olundu.

Təsviri incəsənət kafedrasının müdiri dosent Mərdan Məmmədovun,  Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyevin 5 illik fəaliyyəti haqqında hesabatları, komissiya sədrləri Fəxri professorlar Əliqulu Quliyevin, Nüyvər Nəsrullayevin məlumatları dinlənilib, çıxış edənlərin fikirlərinə uyğun olaraq  onların fəaliyyətləri qənaətbəxş qiymətləndirildi.

Gizli səsvermə yolu ilə dosent əvəzi Məmmədova Günel Ramiz qızının Ümumi pedaqogika kafedrasının dosent elmi adını almağa dair Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması qərara alındı.

Cari məsələlərdə Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, doktor İsmail Seragəldinə Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin araşdırılmasında və beynəlxalq səviyyədə təbliğ olunmasında, xalqlar dostluğu sahəsində, demokratiyanın inkişafında əvəzsiz xidmətləri nəzərə alınaraq Universitetin  “Fəxri doktor”u adı verilməsi birsəslə qəbul olundu.

Elmi Şura bununla öz işini başa vurdu.