“Engage” layihəsi çərçivəsində “Sahibkarlıqda Portuqaliya Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.
Təlimdə universitetin akademik və inzibati heyəti, eləcə də tələbələr iştirak edib. İştirakçılara ENGAGE layihəsinin əsas məqsədləri, fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verilib, layihənin ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşdırılmasındakı rolu xüsusi olaraq qeyd olunub.
Tədbir zamanı innovasiya və sahibkarlıq sahəsində Portuqaliya universitetlərinin və startap ekosisteminin qabaqcıl təcrübələri təqdim edilib. Eyni zamanda startap anlayışı, startapların yaranma mərhələləri, inkişaf mexanizmləri və maliyyələşdirmə imkanları, o cümlədən investorlarla əməkdaşlıq, qrantlar və digər maliyyə alətləri barədə geniş məlumatlar paylaşılıb.
Təlimin növbəti mərhələsində universitetin Strateji inkişaf planında əksini tapmış innovasiya və sahibkarlıq yönümlü fəaliyyətlər müzakirə olunub. Bu istiqamətdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tələbə təşəbbüslərinin dəstəklənməsi və startap mühitinin inkişafı ilə bağlı təkliflər səsləndirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.





