EQAC layihəsi çərçivəsində avropalı və yerli tərəfdaşların iştirakı ilə online görüş təşkil edilmişdir
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi və Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin icrası davam etməkdədir. Belə ki, Pandemiyadan dolayı layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər, planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınıb. Buna baxmayaraq, Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran bir sıra məsələlərin müzakirə edilməsi məqsədilə 15 aprel 2020-ci il tarixdə onlayn görüş təşkil edilib.
Görüş zamanı layihənin müddətinin 1 ilədək uzadılması, eləcə də iş planında nəzərdə tutulan müəyyən işlərin “online” şəkildə yerinə yetirilməsi barəsində təkliflər verilib. İclasda layihənin xarici partnyorları olan İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordos, İngiltərənin Middlesex Universitetindən dosent George Dafaoulas, İspaniyanın Alikante Universitetindən doktor Denis Galvin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknytė-Petreikienė və yerli tərəfdaş Universitetlərdən Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, “Naxçıvan” Universiteti, Odlar Yurdu Universiteti, Kooperasiya Universiteti, Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, görüşdə Gəncə Dövlət Universitetini İnnovasiyalar Departamentinin direktoru Həsənov Vasif İlkan oğlu və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Əliyev Razim İzəddin oğlu təmsil edib.