Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov vəfat edib
Gəncə Dövlət Universitetinin (GDU) kollektivinə ağır itki üz verib. Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov 13 may 2025-ci ildə vəfat edib.
Ələsgərov Zakir Aslan oğlu 1949-cu il martın 20-də Gəncə şəhərində anadan olmuşdur. 1955-1966-cı illərdə Gəncə şəhər 1 saylı orta məktəbdə oxumuş, 1968-1972-ci illərdə H.Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsil almışdır.
1975-1981-ci illərdə Gəncə şəhər 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləmişdir. 1988-1991-ci illərdə Kirovobad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) partiya komitəsinin katibi, 1991-1993-cü illərdə Kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Zakir Ələsgərov 1998-ci ildə Gəncə Dövlət Universitetində rektor köməkçisi, 2000-ci ildə isə rektor məsləhətçisi vəzifəsində çalışmışdır. 2008-ci ildə Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, 2019-cu ildə Filologiya fakültəsinin dekanı seçilmişdir.
Z.A.Ələsgərov pedaqoji fəaliyyəti və dövlət qulluğundakı işi ilə yanaşı, elmi tədqiqatla da məşğul olmuş, 1990-2000-ci illərdə Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolunu araşdırmış, bununla əlaqədar dövrü mətbuatda, elmi məcmuələrdə məqalələr dərc etmiş, 2010-cu ildə “Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolu” mövzusunda dissertasiya müdafiə etmişdir. 2011- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016- cı ildə isə dosent elmi adı almışdır.
Z.A.Ələsgərov pedoqoji və elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi həyatda da fəal iştirak etmişdir.
Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Ələsgərov Zakir Aslan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.
REKTORLUQ