Gəncə Dövlət Universiteti qardaş Türkiyəyə maddi və mənəvi dəstək kampaniyasına qoşulub

Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycan xalqını çox sarsıtdı. Zəlzələ ilə əlaqədar ilk köməyə gedən dost ölkə məhz Azərbaycan oldu. Tarixin müxtəlif dövrlərində bir-birinin yanında olan Azərbaycan-Türkiyə bu ağır günlərdə bir daha qardaş olduğunu nümayiş etdirdi.

    Ölkə Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən Türkiyənin bu dərdinə şərik olaraq axtarış-xilasetmə işlərinə qoşuldular. Bununla yanaşı, zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə maddi və  humanitar yardım kompaniyasına başlanıldı.

     Gəncə Dövlət Universiteti də qardaş Türkiyəyə maddi və mənəvi dəstək kampaniyasına qoşulub. Belə ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivi zəlzələdən zərərçəkmişlərə dəstəyini ifadə edərək universitet adından qardaş Türkiyəyə  33.500 manat həcmində  maliyyə yardımı göstərib.

   Qeyd edək ki, Türkiyədə baş verən iki güclü zəlzələ nəticəsində 45 mindən çox insan həlak olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti