Gəncə Dövlət Universitetində Beynəlxalq Ailə Günü münasibəti ilə konfrans keçirilib

Gəncə Dövlət Universitetinin təşkilatçılığı və Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulluğunun təşəbbüsü ilə “Ailəmiz Gələcəyimizdir: Ailənin qorunması və gücləndirilməsinə töhfə verə biləcək yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda ilk öncə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ailə Günü münasibəti ilə hazırlanan videoçarx nümayiş olunub.  

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva konfrans iştirakçılarını salamlayaraq “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda çıxış edib. Prorektor qeyd edib ki, ölkəmizdə tarixən ailə milli-mənəvi dəyərlərin daşıyıcısı olubdur. Kiçik bir dövlət olan ailə bizim üçün müqəddəs sayılır. Ailənin qorunması, sağlam ailə formalaşdırılması üçün dövlət tərəfindən də həmişə mühüm, uğurlu addımlar atılıbdır.

Konfransda Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop “Ailə dostu Türkiyə” – Ailənin qorunması və gücləndirilməsi üçün tətbiq olunan baxış və fəaliyyət planı  mövzusunda çıxış edib. Baş konsul Recep Öztop bildirib ki,  Azərbaycanda olduğu kimi Türkiyədə də ailəyə böyük dəyər verilir. Ailə dövlət siyasətinin  ayrılmaz bir hissəsidir. Məhz elə bunun nəticəsidir ki, bu il Türkiyə Cümhuriyyətində ailə ili elan edilib. Bu il çərçivəsində qardaş ölkədə maarifləndirici tədbirlər keçirilir. Həmçinin ailənin qorunması və onun möhkəmləndirilməsi üçün layihələr təşkil edilir. Baş konsul onu da vurğuladı ki, Türkiyə Cümhuriyyətində ailələr üçün dövlət xətti ilə böyük şirkətlər tərəfindən güzəştlər də tətbiq edilir.

Konfransda “Azərbaycanda ailə institutunun gücləndirilməsi istiqamətində fəaliyyət” mövzusunda çıxış edən millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə xüsusilə vurğuladı ki, ölkəmizdə ailə dəyərləri müqəddəs sayılır. Ən ali qanunumuz olan Konstitusiyamızda da ailənin qorunması, dövlət tərəfindən ailəyə verilən dəyərlər haqqında bəndlər də var. Pərvin Kərimzadə onu da diqqətə çatdırdı ki, dövlətimizin əsas siyasətlərindən biri də sağlam ailənin formalaşdırılması və cəmiyyətə sağlam ailə ilə yanaşı sağlam övladlar bəxş etdirməkdir. Bunun üçün də ailə nigahının bağlanmasından öncə qan analizlərinin edilməsi eləcə də qohum evliliyinin ləğv olunması bu sahədə atılan mühüm uğurlu addımlardandır.

 Konfransda Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Müasir dövrdə ailə modelləri və dəyişikliklər”,  Gəncə Dövlət Universitetinin hüquq məsləhətçisi Günay Şirinova “Ailə hüququnun əsasları”,  Riyaziyyat-informatika fakültəsinin 3-cü kurs tələbəsi Rəbiyə İsmayılova “Ailə cəmiyyətin təməlidir”, Riyaziyyat-informatika fakültəsinin 1-cü kurs tələbəsi Ləman Mustafayeva “Ailə müqəddəsdir” adlı məruzələrlə çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti