Gəncə Dövlət Universitetində “COP29: Dünya Azərbaycanda birləşdi” adlı tədbir keçirilib

                Gəncə Dövlət Universitetində  “COP29: Dünya Azərbaycanda birləşdi” adlı tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  tədbiri giriş sözü ilə açaraq bildirib ki,  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir.  Prorektor qeyd etdi ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik respublikamız  COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu.

    Tədbirdə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə vurğulayıb ki,  Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 

     Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova diqqətə çatdırıb ki,  Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.     Tədbirin davamında  Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov  “COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır”, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova  “COP 29-un mavi zonası”,  Botanika kafedrasının professoru Aynur Bayramova “COP 29-un yaşıl zonası”,  Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə “COP 29 – möhtəşəm tədbir, fəal lider mövqeyi”  adlı məruzələrlə çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti