GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Azərbaycan dili kafedrasının əməkdaşı Aytən Əhmədovanın Azərbaycan dili ixtisası, Botanika kafedrasının əməkdaşı Ramidə Quliyevanın Botanika ixtisası üzrə dosent elmi adı, bununla yanaşı İnformatika və cəbr kafedrasının müəllimi Günel Novruzovanın pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq attestatları və diplomu təqdim edərək onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Uzunmüddətli səmərəli fəaliyyətləri və yubileyləri münasibətilə Leksika və ölkəşünaslıq kafedrasının dosenti Allahverdi Həmidova və Ümumi riyaziyyat kafedrasının baş müəllimi Rauf Məmmədova Fəxri Fərman və pul mükafatı təqdim edilib.
Daha sonra rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
İclasda Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair İnnovasiyalar departamentinin direktoru Vasif Həsənovun, Mühasibatlıq şöbəsinin 2024-cü ildə universitetin maliyyə fəaliyyəti haqqında hesabatı və 2025-ci ildə nəzərdə tutulan maliyyə xərcləri barədə baş mühasib Teyyub Tağıyevin, Kitabxana və İnformasiya Mərkəzinin 2024/2025-ci illərdə icra etdiyi işlərə dair kitabxana müdiri Ayşən Əhmədovanın çıxışları dinlənilib.
İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada Sabir Həsənovun Riyazi analiz kafedrasında vakant olan professor, Saidə Tağıyevanın Ümumi texniki fənlər və texnologiya kafedrasında və Günay Kazımovanın Təhsilin pedaqogikası və metodikası kafedrasında vakant olan dosent vəzifəsini tutmaları, eləcə də elmi katib Seymur Meşaikin “Riyazi məntiq və ədədlər nəzəriyyəsi” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
Daha sonra rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti