Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın 2024/2025-ci tədris ilinin son iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov uzunmüddətli səmərəli fəaliyyətləri və yubileyləri münasibətilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifliyə və Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi İlhamə İbrahimovaya Fəxri Fərman təqdim edib.
İclasda rektor Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Fərəcovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomu təqdim edərək ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmuş “Vergilər” mövzusunda keçirilən ümumrespublika olimpiadasında fəal iştirak etdiyinə görə 4 nəfər tələbəyə Sertifikat, eləcə də tələbələrin fəal iştirakını təşkil etdiyinə görə Tədrisin təşkili sektorunun müdiri Sevinc Quliyevaya Fəxri fərman təqdim olunub.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şurada 2024/2025-ci tədris ilində Humanitar məsələlər üzrə görülən işlərə dair Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın, Növbəti tədris ilinə hazırlığın vəziyyəti haqqında İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, Akkreditasiya Komissiyasının tövsiyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı ilə bağlı İnnovasiyalar departamentinin direktoru Vasif Həsənovun, Tədris ilinin II yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları ilə bağlı (təhsilin hər iki pilləsi üzrə) Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin, 2024/2025-ci tədris ilində KTM-in yerinə yetirdiyi işlər haqqında Keyfiyyətin Təminatı Mərkəzinin direktoru İsmayıl İsmayılovun çıxışları dinlənilib.
İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Daha sonra rektor Yusif Yusibov vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti