GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə açaraq qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ali təhsil ocağının əməkdaşlarını təbrik edib, ən xoş arzularını bildirib. O da diqqətə çatdırılıb ki, bayram münasibətilə səmərəli, qüsursuz fəaliyyətinə görə universitetin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.
Elmi Şurada rektor Yusif Yusibov gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Qeyd edilib ki, imtahan sessiyasının mövcud “Əsasnamə”lərə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, imtahanla əlaqədar təlimat hazırlanıb və universitetin saytında yerləşdirilib. Universitet üzrə əmrə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb.
İclasda İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov departament tərəfindən görülən işlərə dair geniş
hasabatla çıxış edib və qarşıda duran vəzifələrdən bəhs edib. Bununla yanaşı 2024-cü ilin dekabr ayında GDU-nun rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində həyata keçirilmiş işlər barəsində danışıb. Bildirib ki, qardaş ölkəyə işgüzar səfəri çərçivəsində GDU-nun nümayəndə heyəti İstanbul Universitetinin və İzmir Dokuz Eylül Universitetinin qonağı olmuşdur. Universitetlər arasında elmi əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə keçirilən görüşdə Gəncə Dövlət Universiteti və İzmir Dokuz Eylül Universiteti arasında mövcud olan qarşılıqlı Anlaşma Memorandomu növbəti üç il müddətinə artırılmışdır. Sənəddə ikili diplom çərçivəsində ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, rektor Yusif Yusibov Dokuz Eylül Universitetində Biologiya ixtisası üzrə ikili diplom proqramında təhsil alan birinci və ikinci kurs tələbələri ilə də görüş keçirib, onlarla yaxından maraqlanıb. Görüş zamanı ikili diplom proqramında təhsil alan tələbələrə GDU tərəfindən təqaüdlərin ayrılacağı da bildirilib.
İclasda gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şuranın iclasında Təhminə Nəbiyevanın “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası, Elnarə Abdullayevanın “Dil nəzəriyyəsi” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul olunub.
Elmi Şuranın iclasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarına pul mükafatının verilməsi barədə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti