Gəncə Dövlət Universitetində fənn olimpiadasının qalibləri mükafatlandırılıb

             Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə may ayının 5-də Azərbaycan dili və Ədəbiyyat fənni üzrə orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında keçirilən olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

              Tədbirdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

            Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 101 illiyinə həsr olunan fənn olimpiadasında uğur qazanan məktəbliləri təbrik edib, onların gələcəkdə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb. Onu da diqqətə çatdırıb ki, olimpiadanın təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda müvafiq fənlərə olan marağın artırılması, məktəblilərdə  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

                 Tədbirdə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib.

                Daha sonra olimpiadanın nəticələrinə əsasən yüksək bal toplayan şagirdlərin adları açıqlanıb.

    Qeyd edilib ki, Gəncə şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqova və Göygöl rayon Üçtəpə kənd orta məktəbin şagirdi Firdus Tağıyeva I yeri, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin şagirdi Şəfa Quliyeva II yeri, 24 nömrəli tam orta məktəbin şagirdi Telli Məmmədova III yeri tutub.

                Bilik yarışında yüksək bal topladığına görə 11 şagirdə Fəxri Fərman və mükafat təqdim olunub.

                Bununla yanaşı olimpiadanın təşkil olunmasında fəal iştirak etdiyinə görə Universitetin əməkdaşları – Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayevə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovaya və Azərbaycan dili kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədovaya Fəxri Fərman və mükafat təqdim olunub.

               Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, şagirdlərin valideynləri bilik yarışının yüksək səviyyədə təşkilinə və şagirdlərin biliyinin aşkar olunması üçün yaradılan şəraitə görə universitetin rektoru Yusif Yusibova  minnətdarlığlarını bildiriblər.

                Qeyd edək ki, 5 may 2024-cü il tarixdə Gəncə Dövlət Universitetində (GDU) Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Azərbaycan dili və Ədəbiyyat fənni üzrə olimpiada təşkil edilib.

                Olimpiadada 300 nəfər  şagird  iştirak edib. Suallar Gəncə Dövlət Universitetinin Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının professor – müəllim heyəti tərəfindən tərtib olunub.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti