Gəncə Dövlət Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr edilmiş tədbir keçirilmişdir
Gəncə Dövlət Universitetində böyük Azərbaycan şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr edilən “Əhməd Cavad və Türk Dünyası ” adlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədəbi-bədii tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki, tədbir böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil edilmişdir.
Ədəbi-bədii tədbirdə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, professor, ədəbiyyatşünas alim Bədirxan Əhmədov, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, dosent Səba Namazova, dosent Cavid Bağırzadə və AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərək diqqətə çatdırmışlar ki, Əhməd Cavad türk dünyasının istiqlal şairi kimi böyük şöhrət qazanmışdır. Onun “Çırpınırdı Qara dəniz” şeiri tük dünyasının azadlıq himnin əks-sədasıdır.
Çıxışlarda o da vurğulanmışdır ki, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bütün nəsillər üçün hər zaman örnək olmuşdur.
Tədbirdə qeyd edilmişdir ki, Əhməd Cavadın həyat və yaradıcılığının ən parlaq dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yaranması illərinə təsadüf etmiş və şair 1930-cu illərin ağır repressiya qurbanına çevrilmişdir.
Sonda Gəncə Dövlət Universitetinin tələbələri Nigar Məmmədova və Seyhun Rzayev tərəfindən şeirlər səsləndirmişlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti