Gəncə Dövlət Universitetində keyfiyyət mədəniyyətinə dair təlim keçirilib
Gəncə Dövlət Universitetində ali təhsildə keyfiyyətin yüksəldilməsi və institusional inkişafın dəstəklənməsi məqsədilə “Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” mövzusunda təlim keçirilib.
Universitetin Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə fakültə dekanları, kafedra müdirləri və struktur rəhbərləri iştirak ediblər.
Təlimin əsas məqsədi universitetdə keyfiyyət mədəniyyətinin genişləndirilməsi, daxili keyfiyyət təminatı proseslərinə əməkdaşların fəal şəkildə cəlb olunması, tələbəyönümlü yanaşmanın təşviqi və idarəetmədə iştirakçılıq mühitinin gücləndirilməsi olub.
Tədbir çərçivəsində iştirakçılarla ESG 2015 (Avropa Standartları və Təlimatları) əsasında tələbəyönümlü tədris, qiymətləndirmənin şəffaflığı və ictimai hesabatlılıq prinsipləri müzakirə olunub. Bununla yanaşı, Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı Siyasəti və Strategiyası təqdim edilərək fikir mübadiləsi aparılıb.
Təlimin sonunda müzakirələr zamanı iştirakçılar öz rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, bu təkliflər gələcək mərhələlərdə nəzərə alınacaq. Tədbir iştirakçılara təşəkkürlə yekunlaşıb və belə təlimlərin davamlı xarakter alacağı vurğulanıb.
Keçirilən təlim universitetdə keyfiyyət mədəniyyətinin daha sistemli tətbiqinə, əməkdaşların bu prosesdə fəallığının artmasına mühüm töhfə verib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


