Gəncə Dövlət Universitetində ,,Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfrans keçirilib

        Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş ,,Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfrans keçirilib.    Elmi  konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə  5 cilddə kitabda nəşr olunub.

      Konfransdan öncə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

      Elmi konfrans Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilib. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

     Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Navar Məhəmməd Tahir, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

    Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

      Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə digər sahələr kimi ekoloji tarazlığın  qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib. Rektor çıxışında Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, “yaşıl” texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. 

     Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır. Dövlət başçısı Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onu da bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan ölkələrdəndir. 2024- cü ildə COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

     Türkiyə Respublikasının Gəncədəki baş konsulu Recep Öztop elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağı vurğulayıb.

            Elmi konfransda Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “Yaşıl”enerji”, Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Navar Məhəmməd Tahirin “5-nitro, 2 asetoamido kadmium kompleksinin sintezi və kristal quruluşu”, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun  “Təmiz ətraf mühit və ekoloji tarazlığın qorunmasında çay hövzələrinin bitki örtüyünün rolu” mövzusunda elmi məruzələri və Rusiya Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Matiev Axmet Xasanoviçin video müraciəti dinlənilib.   Həmçinin ekoloji problemlər, onlardan çıxış yolları və gənc nəslin maarifləndirilməsi istiqamətində görülə biləcək işlər müzakirə edilib.

    Beynəlxalq elmi konfrans öz işini 16 bölmə iclası ilə davam etdirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti