GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ payız SEMESTRİNİN İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Universitetdə  05 yanvar 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 12 yanvar tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 2000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir.  

GDU-da imtahan sessiyasında “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron imtahan sistemi mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin  imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.  “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

 Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur.  Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra qısa vaxt ərzində avtomatik olaraq İmtahanlar  bölməsinə düşür. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti