Gəncə Dövlət Universitetində “Şəhidlər ölmür” adlı tərcümə müsabiqəsi keçirilmişdir
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Şəhidlər ölmür” adlı yazılı tərcümə müsabiqəsi keçirilmişdir. Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov müsabiqə iştirakçılarına uğurlar arzulamış, bu təşəbbüsü yüksək qiymətləndirmiş və tələbələri ictimai həyatda fəal olmağa səsləmişlər. Qeyd edilmişdir ki, gənclərin vətənpərvər ruhda yetişməsi qürurverici haldır.
Bildirək ki, müsabiqə çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidləri haqqında yazılar xarici dillərə tərcümə edilmişdir. Müsabiqənin nəticələrinə görə 1-ci yerə çıxan Nübar Fərzəliyeva Fəxri Fərmanla təltif edilmiş və pul mükafatı verilmişdir. Svetlana Hüseynova 2-ci, Ayxan Əliyev isə 3-cü yeri tutaraq Fəxri Fərmanla təltif olunmuşdur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti