Gəncə Dövlət Universitetində Vətən müharibəsində şəhid olmuş Səməndər İmanovun xatirəsinə ehtiram göstərilmişdir
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İmanovun əziz xatirəsi məzunu olduğu Gəncə Dövlət Universitetində yad edilmişdir. Şəhidin anım günündə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Ekologiya və təbiətin mühafizə kafedrasının müdiri Sevda Əhmədova çıxış edərək şəhid Səməndər İmanov haqqında xatirələrini danışmışlar. Qeyd etmişlər ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açmışdır. Səməndər İmanov Gəncə Dövlət Universitetinin Ekologiya mühəndisliyi fakültəsini bitirmişdir. O da bildirilmişdir ki, Səməndər İmanov universitetdə fəal tələbələrdən olmuş və daim vətənpərvərliyi ilə fərqlənmişdir.
Qeyd edilmişdir ki, Ikinci Qarabağ müharibəsində Xudafərin Körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Səməndər İmanov “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Hazırda Gəncə Dövlət Universitetində şəhidin adını daşıyan auditoriya fəaliyyət göstərir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti