GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.

Universitetdə 2 iyun 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və  11 iyun tarixdən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir.  

GDU-da yaz imtahan sessiyasında yeniliklər tətbiq olunub. Belə ki, “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin  imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.  “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

     Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur.  Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra 24 saat ərzində avtomatik olaraq İmtahanlar  bölməsinə düşür. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti