Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açdı.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş və şəhid olmuş igid, qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə tanış etmiş,sərəncamda hər il 27 Sentyabr tarixinin ölkəmizdə Anım günü kimi qeyd olunması qərara alınmışdır.
Eyni zamanda Gülsüm Fətəliyeva qeyd etmişdir ki, 27 Sentyabr xalqımızın tarixində ən əhəmiyyətli bir gündür. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bütövlükdə xalqımız əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmiş, zəhərli ilanın başını əzmişdir.Müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək, Azərbaycan üçün möhkəm sülh, əmin-amanlıq ,təhlükəsizlik təmin olunacaqdır.
Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Maqbet Əhmədov, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova və başqaları çıxış edərək 44 gündə ordumuzun keçdiyi zəfər yolundan, arxa cəbhədə çalışan mülki insanlarımızın və bütövlükdə xalqımızın əzm və iradəsindən söz açmışlar.
Maqbet müəllim özünün şəhidlərə həsr etdiyi şeirini, Filologiya fakültəsinin IV kurs tələbələri Nuranə Paşayeva və Ceylan Rüstəmova isə “Qarabağ Azərbaycandır” və “Qayıtdıq” adlı şeirlərini səsləndirmişlər.