RSDTİ metodologiyasının tətbiqi üzrə təlimlər keçirilmişdir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” proqramı çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNİDO-nun Milli İcraçı tərəfdaşı olan “ACE Group Consultants” şirkəti ilə birlikdə Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) klubların yaradılması və həmin klubların nəzdində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən kiçik və orta istehsal müəssisələri seçərək onlara 2022-2023-cü illəri əhatə edən dövr ərzində RSDTİ metodologiyasının tətbiqi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Bu Proqramda iştirak edən müəssisələr UNIDO tərəfindən hazırlanmış RSDTİ metodologiyasını tətbiq etməklə öz iqtisadi inkişaflarını surətləndirmək və ekoloji təhlükəsizliyini gücləndirmək yollarını öyrənmək imkanı əldə edəcəklər.

Bu məqsədlə 2022-ci ilin 26-27 sentyabr tarixlərində Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin nəzdində yaradılmış Gəncə RSDTİ Klubunda sözügedən proqramın 1-ci və 2-ci modulları üzrə təlimlər keçirilmişdir. Təlimlər çərçivəsində müəssisələrin ətraf mühitlə əlaqələri və onların təkmilləşdirmə metodologiyaları, həmçinin enerji səmərəliliyinin artırılması sahəsində qabaqcıl təcrübələr barədə tədbir iştirakçılarına məlumat verilmiş, özünüqiymətləndirmə alətləri təqdim edilmişdir.