Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə  Gəncə Dövlət Universitetinin  humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açdı.

Torpaqlarımızın ərazi  bütövlüyü uğrunda canlarından keçmiş və şəhid olmuş igid, qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçılarını  Azərbaycan Respublikasının  Prezidenti  Müzəffər Ali  Baş Komandan  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə tanış etmiş,sərəncamda hər il 27 Sentyabr tarixinin  ölkəmizdə Anım günü kimi qeyd olunması qərara alınmışdır.         

Eyni  zamanda Gülsüm Fətəliyeva  qeyd etmişdir ki, 27 Sentyabr  xalqımızın tarixində ən  əhəmiyyətli bir gündür. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bütövlükdə  xalqımız əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmiş, zəhərli ilanın başını əzmişdir.Müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək, Azərbaycan üçün möhkəm sülh, əmin-amanlıq ,təhlükəsizlik təmin olunacaqdır.

Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Maqbet Əhmədov, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova  və başqaları çıxış edərək 44 gündə ordumuzun keçdiyi zəfər yolundan, arxa cəbhədə çalışan mülki insanlarımızın və  bütövlükdə xalqımızın əzm və iradəsindən söz açmışlar.

Maqbet müəllim özünün şəhidlərə həsr etdiyi şeirini,  Filologiya fakültəsinin IV kurs  tələbələri  Nuranə Paşayeva və Ceylan  Rüstəmova  isə “Qarabağ Azərbaycandır” və “Qayıtdıq” adlı  şeirlərini səsləndirmişlər.