Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir

  Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 8 Noyabr-Zəfər Gününə həsr edilmiş “Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir.

   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

      Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş və vurğulamışdır ki, Zəfər Günü milli qürur və şərəf tariximizdir. Azərbaycan Ordusu 30 ilə yaxın davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoydu, möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı, torpaqlarımız azad edildi.

      Prorektor Gülsüm Fətəliyeva çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki mövqeyindən, Ulu Öndərin ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışmışdır.

  Universitetin Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxışında qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin  qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı, 8 noyabr  tarixə Zəfər Günü kimi yazıldı.

   Tədbirin davamında universitetin Filologiya fakültəsinin tələblərinin ifasında vətənvərpərliyə aid şeirlər, rəngarəng mahnılar səsləndirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti