GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ AĞACƏKMƏ AKSİYASINDA İŞTİRAK ETMİŞDİR
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsündə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov başda olmaqla, professor-müəllim heyəti və tələbələr yüksək fəallıq göstəriblər.
Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb, əkinə tam hazır vəziyyətə gətirilib.
Ağacəkmə aksiyası musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə həyata keçirilib.
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu humanitar təşəbbüs dünya xalqlarının diqqətini Azərbaycana, mütəfəkkir şair Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir. Eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına böyük töhfədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.