Gəncənin bombalanması əsl vandalizm aktıdır

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu.
        17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.

        Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.

 
      Törədilən terror aktı nəticəsində dağılmış ərazi insanlar tərəfindən ziyarət olunur, ölkə başçısı İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş memorial abidə önünə tər qərənfillər düzülür. Raket hücumu nəticəsində dağılmış ərazi xarici jurnalistlərin, diplomatların da ziyarət yerinə çevrilmişdir. Xüsusilə bu günlər terror nəticəsində dağılmış ərazilər daha çox insan tərəfindən ziyarət edilir. Ziyarət edənlər arasında Gəncə Dövlət Universitetinin də kollektivi var. Bu günlərdə Universitetin professor-müəllim heyəti, eləcə də tələbələri ərazidə olmuş, memorial abidə önünə gül dəstələri düzmüşlər.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti