Gəncə Dövlət Universiteti “Təhsildə davamlı keyfiyyət təminatı” adlı Beynəlxalq Konfransda

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə  beynəlxalq konfransa keçirilib. “Təhsildə davamlı keyfiyyət təminatı” adlı tədbirə GDU əməkdaşları da qatılıb. Gəncə Dövlət Universitetini Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov təmsil edib.

  Konfransda təhsildə keyfiyyət təminatı sahəsində Avropa və Dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasətinin inkişaf etdirilməsi məsələləri və bu sahələrdə mövcud mexanizmlərin təkmilləşdirilməsi haqqında danışılıb.

  Elm və təhsil naziri Emin Əmrullayev konfransda çıxışında Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar və ali təhsilin keyfiyyətinin artırılmasında görülən və planlaşdırılan işlərdən danışıb.

   TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

   Konfransda Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin ali təhsil departamentinin direktoru Hendrik Martijnse,  ali təhsil üzrə beynəlxalq ekspert Achim Hopbach, ali təhsildə keyfiyyət təminatı agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsilin keyfiyyət təminatı sisteminin Avropa ali təhsil keyfiyyət təminatına uyğun təşkil edilməsi haqqında müzakirələr aparıb.