Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilinin sonunadək görüləcək işlərin hesabatı dinlənilib

Aprelin 3-də Gəncə Dövlət Universitetində tədris prosesinin vəziyyəti və 2017-2018-ci tədris ilinin sonunadək ali təhsil müəssisəsinin kollektivi qarşısında duran vəzifələrə dair rektorun iclası keçirilib.

Əvvəlcə tədris korpusları üzrə tədrisin keyfiyyətinə nəzarət qrupu rəhbərlərinin və müvafiq monitorinq komissiyalarının hesabatı dinlənilib.

Sonra komissiyalar tərəfindən açıq dərsləri dinlənilən gənc müəllimlərin ümumi qəymətləndirilməsi diqqətə çatdırılıb.

Bildirilib ki, tərkibi fənlər üzrə ixtisaslı professor-müəllimlərdən, pedaqoq. psixoloq və tədrisdə texniki vasitələrin tədbiqi üzrə mütəxəssislərdən ibarət yaradılan komissiya üzvləri tərəfindən gənc müəllimlərin açıq dərsləri dinlənilib, kafedralarda müvafiq təhlillər və qiymətləndirmələr aparılıb. Aparılan mühazirə, seminar və laborator məşğələlərin təqdimatında, eləcə də tədris prosesində interaktiv metodlardan və müasir təhsil texnologiyalarının tətbiqindən geniş istifadəyə nail olan müəllimlərin dərsləri yüksək qiymətləndirilib.

Sonra universitetin rektoru, professor Yusif Yusibovun 2017-2018-ci tədris ilinin sonunadək görüləcək işlər və qarşıda duran vəzifələrə dair çıxışı dinlənilib.

Heç bir universitetin inkişafının həmin ali təhsil müəssisəsində çalışan kadrların ümumi səviyyəsindən yüksəkdə dura bilməyəcəyini deyən rektor qeyd edib ki, təhsildə keyfiyyətin əldə olunması üçün texniki heyətin optimallaşdırılması prosesinə başlanılacaq. Prosesin tətbiqində bilikli, bacarıqlı, müasir metod və üsulların tətbiqinə əsas vasitə kimi baxan texniki heyətin formalaşdırılması üçün gənc kadrlar işə cəlb ediləcək.

Son illərdə Gəncə Dövlət Universitetinin həm beynəlxalq əlaqələrinin, həm də respublika daxilində bir çox universitet, peşə təhsili müəssisələri, orta məktəblər, eləcə də istehsal və qeyri-istehsal sahələri ilə əlaqələrinin genişləndiyini bildirən Yusif Yusibov vurğulayıb ki, qarşılıqlı, ikitərəfli faydalı əməkdaşlığa əsaslanan bu cür əlaqələr bundan sonra da davam etdiriləcək.

Qeyd edilib ki, universitetin baza məktəbləri ilə əlaqələrin inkişafı ilə yanaşı yeni məktəblərlə əməkdaşlığa başlanılacaq. Yaxın vaxtlarda isə universitetin yalnız Gəncə şəhərindəki məktəblərlə deyil, ətraf rayonların məktəbləri ilə əlaqələri qurulacaq.

Yuxarı sinif şagirdlərinin düzgün ixtisas seçiminə yiyələnməsi üçün rayon məktəblərində universitetin professor-müəllim heyəti, xüsusən Təcrübə və karyera şöbəsi tərəfindən təbliğat işinə başlanılacaq, məktəb məzunları ilə görüşlər keçiriləcək. Şəhər və rayon məktəblərinin universitetin ayrı-ayrı kafedraları ilə əlaqələri qurulacaq, məktəblərdə nümunəvi dərslər və pedaqoji təcrübə dərsləri, həmçinin fənn olimpiadaları təşkil olunacaq. Olimpiadalarda yüksək nəticə göstərən şagirdlər universitetin professor-müəllimləri ilə birgə laboratoriyalarda elmi tədqiqat işlərinə cəlb ediləcək.

Universitet-məktəb əlaqələrinin qurulmasında, eləcə də tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili məqsədilə Tələbə Gənclər Təşkilatına və müvafiq təşkilatlara tapşırıqlar verilib.

Universitetdə infrastrukturun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı görülən işlər barəsində məlumat verən rektor Yusif Yusibov bildirib ki, artıq təmir-tikinti və yenidənqurma işləri başa çatmış 5-ci tədris korpusunun avadanlıqlarla və tədris vasitələri ilə təchizinə başlanılıb.

“Beşinci tədris korpusunun istifadəyə verilməsi ilə Gəncə Dövlət Universiteti öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Bu tədris korpusunda yaradılan şərait Prezident İlham Əliyev tərəfindən respublikamızda təhsilə, onun hərtərəfli inkişafına yaradılan şəraitin əsas göstəricilərindən biri olacaq. Çünki, həmin korpusda yaradılan müasir auditoriyalar, fənn kabinetləri, müasir kitabxana, oxu və iclas zalı, eyni zamanda orada fəaliyyət göstərəcək “Aleksandr Düma adına Mərkəz”, “Əlilliyi olan tələbələr üçün mərkəz”, “Tələbə Ombudsman Mərkəzi”və bir sıra beynəlxalq təhsil layihələrinin icrası üçün nəzərdə tutulan mərkəz Gəncə Dövlət Uniuversitetindəki təhsili Avropanın qabaqcıl universitetlərində yaradılan tədris mühiti ilə eyni səviyyəyə yüksəldəcək. Binanın istismara verilməsi həm də respublikamızın qərb bölgəsinin ən böyük ali təhsil müəssisəsi kimi pedaqoji kadrların hazırlanmasında uzun illik zəngin tarixi ənənəyə malik olan, bu il isə 80 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşan Gəncə Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti üçün böyük töhfə olacaq” – deyə rektor Y.Yusibov qeyd edib.