Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrə dair Elmi Şuranın növbəti iclası keçirilib.

   İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

    Sonra rektor Yusif Yusibov universitetin Tarix-coğrafiya fakültəsinin baş müəllimi Seymur Xəlilovu fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə təbrik edərək müvafiq diplomu və mükafatı ona təqdim edib. Rektor diqqətə çatdırıb ki, sevindirici haldır ki, universitetdə elmi dərəcə alan cavan kadrların sayı artır.

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib. Qeyd edib ki, imtahan sesiyası bütün təhsil səviyyələrində 29 dekabr 2022-ci il tarixində başlayacaq və 1 fevral 2023-cü il tarixində yekunlaşacaq. Artıq tələbələr arasında imtahanların keçirilməsi qaydası, imtahan cədvəli, suallarla bağlı maarifləndirmə işləri aparılıb. Imtahanlarda ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın artırılması məqsədilə ziyalılar, millət vəkilləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası”nın yaradılması da diqqətə çatdırılıb.  

  Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ali məktəbdə əmək intizamının möhkəmləndirməsinə dair görülən işlərdən və həyata keçirilən tədbirlərdən ətraflı danışıb.

Elmi Şurada rektor Yusif Yusibov universitetin tədris binalarında təhlükəsizliyə dair nəzarətin daha da gücləndirilməsi üçün xüsusi göstəriş verib.

İclasda Gəncə Dövlət Universietinin Türkiyə Respublikasının ali məktəbləri ilə ikili diplom layihəsi, Tələbə Yataqxana Kompleksində internet təminatı səviyyəsinin daha da yüksəldilməsi, kitabxana  bazasının zənginləşdirilməsinə dair söhbət açılıb.

  Sonda Kimya elmləri doktoru İsfəndiyar Allahverdiyevin Kimya fakültəsində boş olan professor vəzifəsinin tutulmasına və kimya üzrə fəlsəfə doktoru Pərvanə Hüseynovanın Botanika kafedrasında dosent, filologiya üzrə fəlsəfə doktoru Samirə Qasımova və Elnarə Abdullayevanın Qramatika və ingilis dilinin tədrisi kafedrasında dosent elmi adı almalarına dair vəsatətləri səsə qoyularaq qəbul edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti