GDU-nun əməkdaşı, yazıçı Ümbülbanu Hacıyevanın 60 illik yubileyi qeyd edilib

Gəncə Dövlət Universitetinin ,, Yüksəliş” qəzetinin müxbiri, Azərbaycan Yazılıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, ,,Qızıl Qələm” mükafatı laureatı, Prezident mükafatçısı, yazıçı-jurnalist Ümbülbanu Hacıyevanın 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Yubiley mərasimində tanınmış yazıçılar, şairlər, sənət və elm adamları iştirak edib.

Yubileydə AYBİ-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Azərbaycan Yazıçılar Birliyi adından yubilyara Fəxri Fərman təqdim edərək təbrik edib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva yubilyarı təbrik edib, universitetin rektoru Yusif Yusibov tərəfindən imzalanan Fəxri Fərmanı təqdim edib.

Yazıçının ömür-gün yoldaşı Aydın Murovdağlı, ,,Yüksəliş” qəzetinin baş redaktoru, yazıçı Qərib Mehdi, qəzetin müxbiri Firəngiz İdrisqızı, Gürcüstandan gəlmiş şair İmir Məmmədli, şairə Aləmzər Əlizadə, GDU-nun əməkdaşları- Maqbet Əhmədov, Bayram Apoyev, Qərənfil Ramazanova, Arifə Əhmədli, Zəfər Abbasov və yazıçının sənət dostları çıxışlarında Ümbülbanu Hacıyevanın yüksək vətəndaşlıq keyfiyyətləri, yaradıcılığı, əmək fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, yazıçı 7 kitabın, yüzlərlə publisistik məqalənin müəllifi, 50-dən çox elmi və bədii kitabın redaktorudur.

Yubileydə Ümbülbanu Hacıyevaya hədiyyələr və gül dəstələri də təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti