GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın  təşkilinə  həsr olunan Elmi Şuranın növbəti  iclası keçirilmişdir.

İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak etmişlər.

İlk olaraq rektor professor Yusif  Yusibov filologiya elmləri üzrə Həmid Abbasova və İlnamə Rüstəmovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim etmiş, Elmi Şura üzvləri adından  onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

Elmi Şuranı  açan rektor Yusif  Yusibov bildirmişdir ki,  təhsilin inkişafı istənilən cəmiyyətdə ictimai-siyasi, sosial-iqtisadi sabitliyin təmin edilməsində və geniş mənada uğurlar əldə olunmasında mühüm rol oynayır.

Daha sonra tədris şöbəsinin müdiri Elturan Yusibov 2019/2020-ci tədris ilində keçirilən payız(qış) semestr imtahanlarının yekunu,  Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbə və digər ictimai təşkilatların gənclərin inkişafında rolu və qarşıda duran vəzifələr, İdman klubunun sədri Xəqani Umudov İdman klubunun 2018/2019-cu tədris ilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər. Hesabat məruzələri ilə əlaqədar video çarxlar da nümayiş etdirilmişdir.

İdman klubunun sədri Xəqani Umudov universitetin idman sahəsində qazandığı uğurlara, idmana göstərdiyi diqqət və qayğıya görə professor Yusif Yusibova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş diplomu təqdim etmişdir.

Sonra rektor Yusif  Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.

Elmi Şuranın sonunda pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Mərdan Məmmədovun təsviri incəsənət kafedrasında boş olan professor yerinə, pedaqogikа üzrə fəlsəfə doktoru  Günay Kazımovanın  təhsilin pedaqogikası və metodikası kafedrasında, kimya üzrə fəlsəfə doktoru Samirə Mehdiyevanın  Kimya  kafedrasında boş olan dosent  yerlərinə seçilmələrinə dair vəsatətləri səsə qoyularaq qəbul edilmişdir.

Elmi Şurada cari məsələlərlə bağlı müzakirələr də  aparılmışdır.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ