GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “HORİZON-2020” PROQRAMININ MÖVCUD İMKANLARI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə  “Horizon-2020” proqramı üzrə regional seminar keçirilmişdir.

Tədbiri universitet rektorunun baş müşaviri Asif Cavadov  açaraq gələn qonaqları iştirakçılara təqdim etmişdir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, Avropa Komissiyasının “Horizon 2020” proqramının əlaqələndirici şəxsi Tofiq Babayev, Azərbaycan Milli Antidopink Agentliyinin elm şöbəsinin müdiri İlham Hümbətov, AMEA-nın rəyasət heyətinin xarici əlaqələr idarəsinin layihələrinin idarə edilməsi şöbəsinin müdir müavini Aytən Hüseynova proqram haqqında iştirakçılara ətraflı məlumat vermişdilər. Bildirmişlər ki, seminarın keçirilməsində əsas məqsəd yüksəksəviyyəli tədqiqatların aparılması, bu tədqiqatlara alimlərin cəlb olunması və onların beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi, fikir mübadiləsi üçün əlverişli şəraitin yaradılmasıdır. Qeyd etmişlər ki, proqramda innovativ müəssisələrin rəqabətədavamlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həyat tərzinin və maddi rifahın yaxşılaşdırılmasına yardım etmək, biznesin tədqiqatlara qoyduğu investisiyaların həcminin artırılmasını stimullaşdırmaq, innovasiyaların inkişafı mümkün olan sahələrə üstünlük verilməsini təmin etmək kimi məsələlər əksini tapır. Proqramın ayrı-ayrı istiqamətlərindən danışan qonaqlar bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması ilə bağlı məlumat da vermişdilər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşmışdır.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ