XOCALI SOYQIRIMI BƏŞƏRİYYƏT TARİXİNDƏ ƏN DƏHŞƏTLİ CİNAYƏT HADİSƏSİDİR

Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən əvvəl universitetin rektoru, professor Yusif Yusibov və iştirakçılar universitet müəllimlərinin və tələbələrin Xocalı hadisələrindən bəhs edən rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Akt zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirildikdən sonra Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə diqqətə çatdırılmışdır ki, keçən əsrin dəhşətli cinayət hadisələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı yönəlmiş cinayət aktıdır. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın bu qədim şəhərində törətdikləri vəhşiliklər yüz illər keçsə də heç vaxt unudulmayacaq.

Çıxış edənlər bu hadisəni əsl vandalizm adlandırmışlar. Qeyd etmişlər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan soyqırım faciələri ilə eyni səviyyədə durur. Ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birləşərək Xocalı sakinlərinə amansız divan tutması nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirldi. Onlardan 56 nəfəri xüsusi qəddarlıqla  ölduruldu. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq əlil oldu. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Qətlyam zamanı 1275 nəfər girov götürüldü. Bu günədək 150 nəfər xocalının taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Tədbirdə o da vurğulamışdır ki, həmin gecə Xocalıya dörd tərəfdən dəhşətli hücum edilmişdi. Kiçik bir şəhərin əliyalın əhalisinin üstünə təpədən dırnağacan silahlanmış böyük bir hərbi birləşmə gəlmişdi ki, bu da sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli  bir cinayət idi.

Sonra universitet tələbələrinin ifasında Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ