GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MƏMMƏD CƏFƏR CƏFƏROVUN 110 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Gəncə Dövlət Universitetində “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər məktəbi” adlı tədbir keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, tədbir Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən təşkil olunub. Dövlətimizin elm, mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısından danışan Gülsüm Fətəliyeva dövlətin gücünün onun yetişdirdiyi şəxsiyyətlərlə ölçüldüyünü, həmin ziyalıların dəyərli fikirlərinin və elmə verdiyi töhfələrin gənc nəslə ötürülməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, Məmməd Cəfər Cəfərovun ədəbi-bədii irsi ilə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında da zəngin irsə malik olduğunu diqqətə çatdırıb.

Azərbaycan və dünya ədəbiyyat kafedrasının professor-müəllim heyəti alimin həyat və yaradıcılığından söz açıblar. Bildiriblər ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində akademik Məmməd Cəfər Cəfərovun müstəsna xidmətləri vardır. Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan və Avropa klassik ədəbi irsi, romantizmin tədqiqi və bu kimi mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə onu tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir. Onun “Rus ədəbiyyatı tarixi oçerkləri”, “Rus klassikləri” və üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” dərslikləri, “Klassiklərimiz haqqında”, “M.F.Axundovun ədəbi tənqidi görüşləri”, “Ədəbi düşüncələr”, “Füzuli düşünür”, “Hüseyn Cavid”, “Azərbaycan ədəbiyyatında romantizm”, “Cəlil Məmmədquluzadə”, “Estetik zövq haqqında, “Mütəfəkkirin şəxsiyyəti”, “Estetik tərbiyə, ailə və məktəb”, “Həyatın romantikası”, “Sənət yollarında”, “Nizaminin fikir dünyası” və digər kitab və monoqrafiyaları Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir. Zəngin və çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı, akademik Məmməd Cəfər Cəfərov bədii yaradıcılıqla da məşğul olub. O, “Zurnaçı”, “Dəmdəməki”, “Zorən təbib”, “M.Zeynaloğlu” imzaları ilə hekayələr çap etdirib, miniatür, novella, povest janrlarında qələmini sınayıb.

Tədbirdə Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, dünya romantizmi ilə oxşar və fərqli cəhətlərini, romantik lirikanın hansı imkanlara malik olduğunu müəyyənləşdirən alim kimi xüsusi yer tutduğu qeyd olunub. Həmçinin yaradıcılığının müxtəlif mərhələ və aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri və irsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Məmməd Cəfər Cəfərov həm pedaqoji sahədə, həm də elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq işlər görüb. O, apardığı tədqiqatlar ilə Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr verən görkəmli alimdir. Görkəmli alim Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan sanballı əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid dəyərli kitabların müəllifidir. Məmməd Cəfər Cəfərovun bədii yaradıcılıqla da məşğul olduğunu vurğulayan məruzəçilər onun universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, eyni zamanda, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının banisi olduğunu deyiblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ