Gəncə Dövlət Universitetində plan yerləri 94,6 faiz dolub

Avqustun 16-dan Gəncə Dövlət Universitetinə (GDU) qəbul olunmuş tələbələrin qeydiyyata alınmasına başlanıb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, GDU-ya 40 ixtisas üzrə 1565 plan yerinə 1482 nəfər qəbul olunub.

Menecment ixtisasında 12 yer, Dövlət və bələdiyyə idarəetməsi ixtisasında 12 yer, Qiyabi bölmədə Mühasibat uçotu və audit ixtisasında 9 yer, Maliyyə ixtisasında 9 yer, İqtisadiyyat ixtisasında 5 yer, Kompüter elmləri ixtisasında 9 yer, Ekologiya mühəndisliyi ixtisasında 8 yer, Riyaziyyat və informatika ixtisasında 19 yer (rus bölməsi), ümumilikdə isə 83 yer boş qalıb.

Beləliklə, GDU-da plan yerləri 94,6 faiz dolub. Keçən il universitetdə plan yerləri 89,2 faiz dolmuşdu.

Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Universitetdə yaradılan sənəd qəbulu komissiyası GDU-nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9-dan 17-dək fəaliyyət göstərir.

Qeyd edək ki, qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi avqustun 28-dək davam edəcək.