GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetində 30 yanvar 2015-ci il tarixdə “Gənclər günü” münasibəti ilə  rektor professor Yusif Yusibovla tələbələrin görüşü keçirildi. Professor Yusif Yusibov tələbələri salamlayaraq  “Gənclər günü” münasibəti ilə onları təbrik etdi, təhsillərində uğurlar arzulayaraq,həmişə onlara dəstək olacağını bildirdi.
Rektor qeyd etdi ki, 2 fevral “Gənclər günü” Ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi kimi 1996-cı ildə verdiyi sərəncam ilə təsdiq olunub Azərbaycanda ilk dəfə qeyd olunandan sonra  MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclik cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən təşkil edilməsi, gənclər  forumunun keçirilməsi, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Prezident sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir.
Dünyada baş verən qlobal dəyişikliklər, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. Məhz bu baxımdan da Azərbaycan Respublikası Prezidenti “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncam həqiqətən Azərbaycan gəncliyi üçün daha geniş üfüqlərin açılması deməkdir.
Gəncə Dövlət Universitetinin gəncləri də dövlət tərəfindən onlara yaradılan imkanlardan lazımınca bəhrələnirlər. Rəhbərlik tələbələrin təhsilinə, asudə vaxtlarını səmərəli keçirmələrinə həmişə qayğı göstərir, onların hər bir təşəbbüsünə diqqətlə yanaşır və həyata keçirilməsinə yardımçı olur.  Əsas məqsədlərdən biriu də tələbə yataqxanasının əsaslı təmir olunub onların istifadəsinə verilməsidir. Rektor qeyd etdi ki, biz tələbə yataqxanasında müasir tələblərə uyğun elə bir şərait yaradacağıq ki, həm tələbələr təhsillərinə rahat şəraitdə davam etdirəcək, həm də asudə vaxtlarını olduqca səmərəli keçirəcəklər.
Humanitar  məsələlər üzrə prorektor Asif Cavadov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Pedaqji fakültənin III kurs tələbəsi Aysel Mövlayeva, İqtisadiyyat fakültəsinin tələbəsi Rəhman Qocayev Universitetdə bu günki gəncliyin fəaliyyətindən və arzularından bəhs etdilər. Rəhbərlik tərəfindən  Tələbə Gənclər Təşkilatına yaradılan geniş imkanlar görə, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə  ciddi fikir verildiyi üçün rektor Yusif Yusibova öz minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda rektor Yusif Yusibov “Gənclər günü” münasibətilə Universitetin həyatında fəallıq göstərib fərqlənən bir qrup gtələbəni fəxri fərmanla təltif etdi.