Gəncə Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları tələbələrlə maarifləndirici görüş keçirib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bu cür maarifləndirici görüşlərin tələbələr üçün əhəmiyyətindən danışıb.
Görüşdə Ədliyyə Nazirliyinin əməkdaşları gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Çıxış edənlər icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklərdən söhbət açıblar. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.
Çıxışlarda könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub. Tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.
Sonda Ədliyyə Nazirliyinin nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti











