Azərbaycan-Çexiya biznes-forumu ölkəmizin beynəlxalq siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir

Azərbaycan ilə Çexiya arasında qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə qarşılıqlı şəkildə siyasi dialoqun gücləndirilməsində, iqtisadi sahə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri və mətbuata verilən bəyanatlar əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Azərbaycan-Çexiya biznes-forumu ölkəmizin beynəlxalq siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir. Aprelin 27-də Qəbələ şəhərində keçirilən Azərbaycan-Çexiya biznes-forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi-iqtisadi hadisə kimi yadda qaldı.

 Tədbirdə Prezident İlham Əliyev və Andrey Babişin iştirakı və çıxışları forumun strateji əhəmiyyətini daha da artırdı. Bu forum, ilk növbədə, Azərbaycan ilə Çexiya arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi istiqamətində mühüm platforma rolunu oynadı. Digər tərəfdən, Çexiyanın Baş naziri Andrey Babiş çıxışında Azərbaycanla əməkdaşlığa yüksək qiymət verərək bu münasibətlərin qarşılıqlı fayda prinsiplərinə əsaslandığını vurğulayıb. Ümumilikdə bu çıxışlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur və hər iki tərəf bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Azərbaycan-Çexiya biznes-forumu, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən açıq iqtisadi siyasət ölkəyə xarici investisiyaların cəlb olunmasını sürətləndirib və Azərbaycanı etibarlı tərəfdaş kimi mövqeləndirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti