Gəncə Dövlət Universitetində Vətən müharibəsinə həsr edilmiş konfrans keçirilmişdir

Gəncə Dövlət Universitetində “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin təşkilatçılığı ilə Vətən Müharibəsinə həsr edilmiş konfrans keçirilmişdir. Konfansdan öncə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyulmuşdur.

         Daha sonra konfransda Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


         “Zəfər tariximiz-Hünər tariximiz” mövzusunda çıxış edən “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov konfransın əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, hər bir vətəndaş, hər bir tələbə və gənc tarixi qələbəmizi daim qürurla xatırlamalı və gələcək nəsillərə ötürməlidir. Ölkəmizin erməni faşizmi üzərində tarixi qələbəsinin ən mühüm aspektlərindən danışaraq demişdir ki, milli dövlətçilik tariximizdə şanlı Zəfərin gənc nəsillərə ətraflı çatdırılması  hər birimizin müqəddəs borcu olmalıdır.


        Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Zəfərdə ən böyük pay sahibi olanlar isə vətənpərvər gənclərimizdir. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etmişdir ki, Gəncə Dövlət Unuversitetinin tələbələri və məzunları arasında da Vətən müharibəsində öz qəhrəmanlığı ilə seçilən, tarixi qələbəmizdə payı olan qazi və şəhidlər olması qürurvericidir.  

         Konfransda çıxış edən şəhid ataları və qazilər vətən müharibəsi zamanı yaddaşlarda qalan xatirələrini danışmış və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

  Konfransda 2020-ci ildə vətən müharibəsi zamanı şəhidlərin, qazilərin və müharibə iştirakçılarının  misilsiz şücaətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti