Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzində “Təlim Nəticələri” haqqında tədbir keçirilib.

Gəncə Dövlət Universitetində Avropa Birliyinin Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üçün Avropa Standartları və Təlimatları haqqında təlim keçirilib. Tədbirdə universitetin müəllim və tələbə kollektivi ilə yanaşı EQAC layihəsinin kordinatoru olan Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov , layihələr şöbəsinin müdiri və eyni zamanda EQAC layihəsinin baş koordinatoru Gülşən Bayramova, Milli Erasmus+ Ofisinin nümayəndələri Pərviz Bağırov və Zəfər Həsənov iştirak edib.

Qeyd edək ki, səfər eyni zamanda monitorinq xarakteri daşıyıb. Görüş zamanı ilk öncə universitetin tələbə və müəllim kollektivi arasında sorğu keçirilib. Sorğuda iştirakçıların EQAC layihəsi, Avropa standartları və təlimatları, universitetdə layihənin tətbiqi ilə bağlı suallara cavab verib. Sonra Bakı Biznes Universitetinin əməkdaşı, layihənin baş koordinatoru Gülşən Bayramova təlimin məqsəd və məramı barədə ətraflı məlumat verib.

Bundan sonra İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev Gəncə Dövlət Universitetində EQAC layihəsi çərçivəsində indiyə kimi görülən işlər haqqında təqdimat edib. O qeyd edib ki layihə başladıqdan indiyə kimi universitetdə aşağıdakı işlər görülüb:

• Keyfiyyətin Təminatı Mərkəzi yaranıb, şöbə müdiri və mütəxəssis təyin olunub.
• Keyfiyyətin Təminatı Mərkəzinin əsasnaməsi və nizamnaməsi hazırlanıb.
• Keyfiyyətin Təminatı Mərkəzinin iş planı hazırlanıb.
• Keyfiyyətin Təminatı Mərkəzinin işçilərinin öhdəlikləri hazırlanıb.
• Keyfiyyətin təminatı siyasəti hazırlanıb.
• Universitetin maraqlı tərəflərinin xəritəsi hazırlanıb.
• QPR proqramında universitetdə olan iş proseslərinin modeli hazırlanıb.
• Universitetin strukturunun xəritəsi hazırlanıb.
• Keyfiyyətin Təminatı Mərkəzinin inkişaf planı hazırlanıb.
• Avropa səfərləri sonrası layihə komandası tərəfindən universitetin müəllim və tələbə heyəti üçün təlimlər təşkil olunub.
• Müəllim və tələbələr arasında sorğular keçirilib.
• Görülən işlər barəsində sosial mediada və KİV-lərdə məlumatlar yayılıb.

Sonra EQAC layihəsi çərçivəsində qarşıda dayanan fəaliyyətlər haqqında məlumat verilib.

Tədbirin növbəti hissəsində təlim nəticələrinin nə olduğunu, onların təlim prosesində vacibliyi, təlim nəticələrinin tətbiqi haqqında təlim keçirilib və iştirakçılara öyrəndikləri informasiyanı tətbiq etmək üçün çalışma verilib.

Görüşdə iştirak edən Milli ERASMUS+ Ofisinin nümayəndələri Pərviz Bağırov və Zəfər Həsənov Azərbaycanda “ERASMUS+” proqramı və Milli ERASMUS+ Ofisinin rolu haqqında danışıb və tələbələrin xaricdə təhsil ilə bağlı suallarına cavab verib.