GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU, PROFESSOR YUSİF YUSİBOV YAZ SEMESTR İMTAHANLARINA HAZIRLIĞIN VƏZİYYƏTİ İLƏ BAĞLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİB

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov 2022-ci il mayın 17-də ali təhsil müəssisəsinin bakalavriat və magistratura səviyyələrinin müvafiq ixtisaslarında əyani formada təhsil alan tələbələrlə  görüş keçirmişdir.

Tədbiri giriş sözü ilə açan rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində məqsəd 2021/2022-ci tədris ilinin yaz imtahan sesiyasına hazırlığın vəziyyətini öyrənmək və tələbələrin imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.

Rektor bildirib ki, universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sesiyası tədris planlarında nəzərdə tutulan müddətdə keçirilir. Belə ki, fakültələr tərəfindən imtahan keçiriləcək fənlər üzrə məsləhət saatlarının qrafiki qabaqcadan tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır.

Sonra  universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək imtahanlarla bağlı bəzi məsələlərə aydınlıq gətirmişdir. Qeyd etmişdir ki, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, eyni zamanda test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasından əvvəl tələbələrə paylanılacaqdır.

Görüşdə qeyd edilmişdir ki, imtahanların gedişi zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə yardılmış “Apelyasiya komissiyası” ilə əlaqə yaratmaq və sesiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılacaqdır.

Qiymətləndirmə prosesindən də danışan rektor Yusif Yusibov deyib ki, təhsilin hər iki səviyyəsində keçirilən test, yazılı, şifahi və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılacaqdır.

Görüşdə imtahanların təşkili, keçirilməsi qaydası, həmçinin tələbələrin semestr imtahanlarında diqqət yetirilməsi vacib olan məsələlər haqqında da ətraflı məlumat verilmişdir.

Sonda rektor tələbələri şəxsən dinləyib, onları marqlandıran sualları cavablandırmışdır. Tələbələrin üzləşdikləri çətinliklərin təhsil qanunvericiliyinə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar vermişdir. Səsləndirilən müraciətlərin böyük əksəriyyəti elə yerindəcə həllini tapmışdır.

Belə ki, tələbələrin istək və arzuları nəzərə alınaraq bunker suallarının sayının 25 -dən 15-ə qədər azaldılması və tələbələrə veriləcək testlərin cavablarının qarışıq formada deyil, düz cavabının “A” variantında verilməsi qərara alınıb.

Tələbələr imtahanların sadələşdirilməsinə görə rektor Yusif Yusibova minnətdarlıqlarını bildirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.