Gəncə Dövlət Universitetinin rektoru tələbələrlə göruş keçirmişdir

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovla qış imtahanlarına hazırlıqla bağlı görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan rektor Yusif Yusibov diqqətə çatdırmışdır ki, həmişə olduğu kimi bu il də tələbələr yazılı, şifahi, test və qabiliyyət üzrə imtahanlarda iştirak edəcəklər. Keçən ildən fərqli olaraq Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən bütün imtahanlar əyani qaydada keçiriləcəkdir. Sonra rektor imtahanların keçirilmə qaydaları barədə tələbələrə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, artıq universitetdə qış imtahanlarına hazırlıq yüksək səviyyədə təşkil edilmişdir. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün demək olar ki, tələbələrə hər cür şərait yaradılmış, bununla əlaqədar təlimat hazırlanmışdır. Əvvəlki illərdən fərqli olaraq bu il bir-birini təkrarlayan sualların əksəriyyəti ləğv edilmişdir. İmtahanın gedişi zamanı aldığı qiymətdən narazı qalan tələbələrin müraciət etməsi üçün münaqişə komissiyası yaradılmışdır.Bundan başqa imtahanla bağlı baş verə biləcək hər hansı neqativ hallarla əlaqədar bütün tələbələrin imtahan qərargahına müraciət etməsi üçün də hər cür şərait yaradılacaqdır. Sonra rektor Yusif Yusibov imtahanlarla bağlı tələbələrin arzu və istəklərini dinləmişdir. Universitet tələbələri çıxış edərək hər il olduğu kimi bu il də imtahanların şəffaf keçiriləcəyinə əminlik ifadə etmiş və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti