Gəncə Dövlət Universitetinin tələbələri İsveçrənin təhsil təqaüdləri haqqında məlumatlandırılıb

Gəncə Dövlət Universitetinin tələbələri İsveçrənin təhsil təqaüdləri haqqında məlumatlandırılıb.

Bu münasibətlə İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini Liliyana Peşçini Gəncə Dövlət Universitetində təqdimatla çıxış edib.

Tədbiri açan Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə İsveçrəli qonağa ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verib.

Bildirilib ki, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında zəngin təcrübəyə malik Gəncə Dövlət Universiteti respublikamızın qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil ocağıdır. Hazırda universitetdə 8 ixtisas üzrə 6 minə yaxın tələbə təhsil alır.

Universitetin beynəlxalq layihələrdə fəal iştirak etdiyini deyən Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan ali təhsilində öz nüfuzlu mövqeyini qoruyan Gəncə Dövlət Universiteti dünya təhsil sisteminə inteqrasiya və beynəlxalq standartlara cavab verən təhsil şəraiti yaratmaq üçün bir sıra məqsədyönlü islahatlar həyata keçirib. Bu məqsədlə universitetin Beynəlxalq əlaqələr departamenti tərəfindən 5 illik strateji fəaliyyət planı hazırlanıb. Həmin planda prioritet kimi universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, xarici ölkə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrin cəlb olunmasına dəstək, yeni mərkəzlərin açılması, müvafiq beynəlxalq təşkilatlarla iş birliyi və sair məsələlər öz əksini tapıb.

Universitet Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon – 2020” proqramlarına fəal şəkildə qoşulmaq, eləcə də tələbə və müəllimlərin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirib. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən Gəncə Dövlət Universiteti hazırda dünyanın 40-dək nüfuzlu universiteti ilə əməkdaşlıq edir.

Sonra İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini Liliyana Peşçini İsveçrə dövləti və bu ölkənin təhsil təqaüdləri haqqında təqdimatla çıxış edib.

Təqdimatda iştirakçılara İsveçrə dövlətinin tarixi, coğrafi mövqeyi, siyasi-iqtisadi və ictimai vəziyyəti haqqında ətraflı məlumat verilib. Azərbaycanla İsveçrə arasında tarixi-coğrafi və ictiami-siyasi müqayisələr aparan Liliyana Peşçini bildirib ki, hər iki dövlət bir çox sahələrdə eyni dəyərələrə sahibdir.

Qeyd edilib ki, həm Azərbaycan, həm də İsveçrə eyni paraleldə yerləşən, ərazi və əhali etibarilə bir-birinə bənzər ölkələrdir. Həmçinin hər iki dövlət qədim tarixi ənənələrə malik multikultural dəyərlərə sahib ölkədir.

Vurğulanıb ki, İsveçrə dünya iqtisadiyyatında daha çox rəqabətədavamlı farmaseptika, biotexnologiya, maşınqayırma məhsulları, eləcə də bank və sığorta sahələrinin inkişafı ilə üstünlüyə malikdir.

Daha Sonra Liliyana Peşçini tələbələrə İsveçrənin təhsil sistemi, ali təhsildə həyata keçirilən bir çox təqaüd proqramları haqqında geniş məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.