Gənclərin Əziz Əliyev adını daşıyan parka ekskursiyası maraqlı və yaddaqalan olub

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatçılatının təşəbbüsü ilə tələbələr yeni istifadəyə verilmiş Əziz Əliyev adını daşıyan mədəniyyət və istirahət parkında olub, buradakı müxtəlif idman qurğularından istifadə ediblər. Əvvəlcə gənclər parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tələbələrə məlumat verilib ki, ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb. Parkın ərazisində yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq işləri görülüb. Burada dörd fəvvarə quraşdırılıb.

Yeni istirahət məkanında sakinlərin, eləcə də gənclərin, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bundan başqa, parkda idmanla məşğul olmaq üçün imkanlar var. İstirahət guşəsində 25 ədəd müxtəlif idman qurğusu quraşdırılıb və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ hasar da çəkilib. Bir sözlə, bu park şəhər sakinlərinin və Gəncəyə gələn qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

Yeni salınmış parkla tanışlıq və buradakı idman qurğularından istifadə tələbələr üçün maraqlı və yaddaqalan olub