GDU-da “28 May – Müstəqillik günü”nə həsr olunmuş dəyirmi masa keçirilib
Gəncə Dövlət Universitetində “28 May – Müstəqillik günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən biri olduğunu, qısa müddət ərzində Cümhuriyyətin dövlət quruculuğu prosesində böyük uğurlar qazandığını bildirib. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, mütərəqqi addımlara və nailiyyətlərə imza atmış, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Rektor Yusif Yuisbov çıxışında ölkəmizin yenidən müstəqilliyinin bərpasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edib. Bildirib ki, çətin siyasi-iqtisadi dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının işğaldan azad olunmuş ərazilərdə dalğalanması prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın “Azərbaycanın müstəqilliyini xilas etmiş, əbədiləşdirmiş Lider ”, rektorun baş müşaviri Asif Cavadovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Azərbaycan Xalq Cümhuriyyəti – Azərbaycan tarixində ilklər”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovanın “Cümhuriyyət dövrünün ədəbi-mədəni mühitə təsiri”, Ümumi tarix kafedrasının müəllimi Elmira Əliyevanın “Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolu” mövzusunda məruzələri dinlənilib.
Çıxışlarda ölkəmizin müstəqillik uğrunda keçdiyi şərəfli yoldan və Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövründən ətraflı danışılıb. Qeyd edilib ki Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin, dövlətçiliyimizin şanlı səhifələrindən biridir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti