GDU-da Alternativ Enerji Laboratoriyasının açılışı olub

Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında Alternativ Enerji Laboratoriyasının açılışı olub.

Universitetin rektoru Yusif Yusibov Laboratoriyanın açılışında çıxış edərək diqqətə çatdırıb ki, bütün dünyada olduğu kimi ölkəmizdə də alternativ enerji istehsalına dövlət tərəfindən xüsusi diqqət ayrılır. Azərbaycan ətraf mühitin qorunması üzrə fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atır. Rektor onu da vurğulayıb ki, bu işlərin uğurla həyata keçirilməsində müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı ilə məşğul olan universitetlərin üzərinə böyük məsuliyyət düşür.  Dünyada baş verən qlobal yeniliklərlə, o cümlədən energetika sahəsindəki müasir texnologiyalarla ayaqlaşmaq üçün yüksək kvalifikasiyalı mütəxəssislərə böyük ehtiyac vardır.

Alternativ Enerji laboratoriyasının yaradılmasında əməyi olanlara təşəkkür edən GDU-nun rektoru Yusif Yusibov laboratoriyanın tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Daha sonra laboratoriyanın texniki-təcrübi imkanları barədə məlumat verilib. Qeyd olunub ki, burada günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üçün zəruri avadanlıqlar, eləcə də laboratoriya təcrübələri aparmaqla müvafiq ölçmələri həyata keçirmək üçün cihaz və tərtibatlar yerləşdirilib. Burada həm bakalavriat, həm də magistratura səviyyəsində fizika, ekologiya, ekologiya mühəndisliyi və digər ixtisaslar üzrə təhsil alan tələbələrə alternativ enerji istehsalı ilə bağlı təcrübələr aparmaq imkanı yaradılacaq. Bununla yanaşı magistratura səviyyəsində təhsil alan tələbələr öz elmi tədqiqat mövzuları ilə bağlı təcrübələr apararaq zəruri məlumatlar əldə edəcəklər.

Sonda çıxış edənlər Gəncə Dövlət Universitetində elmi-tədqiqatın inkişafı, tələbələrin və pedaqoji heyətin elmi-tədqiqat işlərinin səmərəliyinin artırılmasına və gənc müəllimlərin elmi fəaliyyətə cəlb olunması üçün motivasiya sisteminin yaradılmasına görə rektor Yusif Yusibova dərin minnətdarlıqlarını bildiriblər.