GDU-da “Azərbaycanda uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində “Azərbaycanda uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbirdə çıxış edərək mövzunun müasir dövrdə aktuallığından, uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmasından danışıb. O, uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün onların hüquq və azadlıqlarının təmin edilməsinin, sosial müdafiəsinin gücləndirilməsinin, təhsil və sağlamlıq imkanlarına bərabər çıxışının vacibliyini vurğulayıb. prorektor bildirib ki, uşaqların hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.

Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxışında uşaqların hüquqlarının müdafiəsinin hüquqi və sosial əhəmiyyətindən bəhs edib. U.Həsənov hər bir uşağın yaşamaq, təhsil almaq, sağlam mühitdə böyümək, zorakılıq və ayrı-seçkilikdən qorunmaq hüququnun təmin edilməsinin vacibliyini qeyd edib. Həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsinin gənc nəslin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirib.

Daha sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan uşaq hüquqları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə uşaqların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması və dövlətin uşaq siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, uşaqların müdafiəsi sahəsində yaradılmış hüquqi və institusional əsaslar bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.

Tədbirdə Sosial fənlər kafedrasının baş müəllimləri Günel Yusibova “Azərbaycanda uşaqların sosial müdafiəsi siyasəti”, Gülnar Rəhimova “Sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə bu kateqoriyadan olan uşaqların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul edilməsinin, onların fərdi ehtiyaclarına uyğun şəraitin yaradılmasının və sosial həyatda fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb.