GDU-da «Heydər Əliyev və Azərbaycan təhsili» mövzusunda elmi-praktiki seminar keçirilib
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan təhsili» mövzusunda elmi-praktiki seminar keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, ölkəmizdə təhsilin beynəlxalq standartlara cavab verən səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Prorektor Gülsüm Fətəliyeva onu da qeyd edib ki, Ulu Öndər hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət yetirmiş və gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində minlərlə məktəb binaları tikilərək istifadəyə verilmiş, yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmiş, Azərbaycanın təhsil sistemi təkmilləşdirilmiş və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılmışdır. Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb istifadəyə verilmişdir.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına diqqət və qayğısı sayəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində böyük uğurlar əldə olunub. Hazırda elm və təhsil sahəsindəki islahatlar ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Fizika kafedrasının müdiri Niyazi Quliyev, Təsviri incəsənət kafedrasının baş müəllimi Əbülfət Məhərrəmov və tələbələr mövzu ətrafında çıxış ediblər.
Sonda fakültə tələbələrinin əl işlərindən ibarət Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş portretlər nümayiş etdirilib.
Yekun nəticəyə əsasən bacarığı ilə seçilən tələbələr-Aidə Şəmilov və Emin Səfərov 1-ci yerə, Fatimə Əliyeva 2-ci yerə, Heydər Qurbanov, Orxan Aydınlı, Aysel Həmidova isə 3-cü yerə layiq görülüblər.
Gənclər diplom və hədiyyələrlə təltif ediliblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti