GDU-da İbtidai sinif müəllimliyi ixtisası üzrə akkreditasiya tövsiyələrinin icrası müzakirə edilib
Gəncə Dövlət Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş Akkreditasiya Komissiyasının yekun hesabatında yer alan tövsiyələrin icrasını təmin etmək məqsədilə İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası ilə bağlı geniş tərkibli iclas keçirilib.
İclasda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, universitet üzrə Operativ İşçi Qrupunun üzvləri, ixtisas üzrə proqram akkreditasiyasına dair tövsiyələrin yerinə yetirilməsi üçün yaradılmış işçi və monitorinq qruplarının nümayəndələri iştirak ediblər.
Tədbirdə fəaliyyət planına əsasən görülmüş işlər, aparılmış təhlillər və əldə olunmuş nəticələr barədə ətraflı hesabatlar təqdim olunub. Təlim-tədris resurslarının təkmilləşdirilməsi, ixtisas kafedraları arasında əlaqəli fəaliyyətlərin gücləndirilməsi, internet və texniki təminatın səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.
Eyni zamanda ixtisas üzrə yeni dərslik və dərs vəsaitlərinin alınması, kitabxana fondunun müvafiq ədəbiyyatla zənginləşdirilməsi, tələbə qəbulu üçün sifariş sayının müəyyənləşdirilməsi məqsədilə əmək bazarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qruplarının fəaliyyəti barədə məlumat verilib.
Monitorinq qruplarının fəaliyyəti çərçivəsində təhsil proqramına daxil edilən fənlərin əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris prosesində tətbiq edilən normativlərin səmərəliliyinin qiymətləndirilməsi, rəqəmsal xidmətlərin keyfiyyətinin artırılması və idarəetmədə şəffaflıq, məsuliyyətlilik və hesabatlılıq prinsiplərinə əsaslanan idarəetmə yanaşmasının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
İclasda fəaliyyət planına uyğun olaraq keçirilmiş təlimlər və aparılmış sorğuların nəticələri barədə məlumatlar təqdim olunub, aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər irəli sürülüb.
Sonda universitetin rektoru Yusif Yusibov akkreditasiyaya dair tövsiyələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayaraq müvafiq strukturlara tapşırıqlar verib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti