GDU-da ikili diplom proqramı çərçivəsində təcrübə mübadiləsi uğurla başa çatıb

Dokuz Eylül Universitetinin əməkdaşlarının Gəncə Dövlət Universitetində  ikili diplom proqramı çərçivəsində təcrübə mübadiləsinin birinci mərhələsi uğurla başa çatıb.

     Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahinlə görüş keçirib. Rektor ali təhsil ocağında 2 həftə ərzində təcrübə mübadiləsində fəal iştirak etdiklərinə görə Türkiyəli müəllimlərə təşəkkürünü bildirib.  

    Qonaqlar onlara göstərilən diqqəti, müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də tədris prosesinin təşkilini yüksək qiymətləndiriblər.

    Görüş zamanı iki universitet arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

     Qeyd edək ki, may ayının 22-dən etibarən Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahin  ikili diplom proqramı çərçivəsində  elmi tədqiqatlara dair təcrübə mübadiləsi ilə bağlı Gəncə Dövlət Universitetinə ezam olunublar. 2 həftə ərzində Kimya-biologiya fakültəsinin tələbələrinə müxtəlif mövzularda  ustad dərsləri və seminar müşavirələr keçirilib,  elmi tədqiqatlara dair təcrübə mübadiləsi aparmaq məqsədilə qərb bölgəsi üzrə ekspedisiyalar təşkil edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti