GDU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması ” mövzusunda tədbir
Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Universitetində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil edilən tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete çıxış edərək görüşün əhəmiyyətindən danışıblar.
Tədbirdə qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələlərindən ətraflı bəhs olunub.
Gəncə Beynəlxalq Xəstəxanasının həkimləri- Şəhla Verdiyeva və Aygün Altun çıxış edərək erkən nikahların qızların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirləri barədə geniş məlumat veriblər.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti