GDU-da şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunan olimpiada təşkil edilib

Gəncə Dövlət Universitetində (GDU) şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunan olimpiada təşkil edilib. Zəfər tarixi və Qələbə tarixi üzrə keçirilən olimpiadanın açılış mərasimində qəhrəman Yüksəl Əlizadənin anası, universitetin “Leksika və Ölkəşünaslıq” kafedrasının  müdiri Sevda Kazımova çıxış edərək şəhidin şərəfli həyat və döyüş yolundan bəhs edib.

    Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov çıxışında yetişməkdə olan gənc nəslin məhz bu cür qəhrəmanlardan örnək götürməli olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi Gəncə Dövlət Universitetində də Vətən müharibəsində şəhid olmuş oğullarımızın xatirəsinə böyük ehtiram göstərilir. Onların xatirəsini əbədiləşdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

    Rəsmi hissədən sonra məktəblilər 1 saat davam edən imtahanda sualları cavablandırıblar. Gəncə Dövlət Universiteti və Yüksəl Əlizadə adına Musiqi və Təhsil mərkəzinin təşəbbüsü ilə təşkil edilən olimpiadaya 50-yə yaxın məktəbdən ümumilikdə 350-dən çox məktəbli qatılıb. Bilik yarışında Gəncə də daxil olmaqla, qərb bölgəsinin şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil müəssələrinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti